Ukraynaya hərbi yardım üçün yeni fond yaradılır - Plana görə...

 15:11 22.01.2024     193

Avropa İttifaqı rəsmiləri bu həftə Ukraynaya hərbi yardımın açılması üçün yeni planı nəzərdən keçirməyə başlayacaqlar. 

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yanvarın 19-da təqdim olunan plan layihəsinə istinadən yazır.

Təşəbbüs, Avropa Sülh Fondundan 6,5 milyard avronun ayrılacağı və 2024-2027-ci illərdə ildə beş milyard avronun da köçürüləcəyi xüsusi fondun yaradılmasını nəzərdə tutur.

Onlar yeni fondun pulunu Aİ ölkələrinin Ukrayna üçün birgə silah - pilotsuz uçan aparatlar, hava hücumundan müdafiə raketləri və döyüş sursatları almaq xərclərini kompensasiya etmək üçün istifadə etməyi planlaşdırırlar. Həmçinin, vəsaitin bir hissəsi Ukrayna hərbçilərinin Avropa İttifaqında təliminin maliyyələşdirilməsinə yönəldiləcək.

"Aİ yeni planı təsdiq edərsə, üzv ölkələr növbəti dörd il ərzində Ukraynaya verəcəkləri “on milyardlarla avro” hərbi yardım müqabilində Aİ fondlarından 20 milyard avrodan çox vəsaiti öz büdcələrinə qaytara biləcəklər," - WSJ yazır.

Plan layihəsində Aİ ölkələrinin 2024-cü ildə hərbi yardıma görə 7,5 milyard avro məbləğində kompensasiya ala biləcəyi nəzərdə tutulur.

"Ukraynanın xarici dəstəkdən asılılığını nəzərə alsaq, Aİ ölkələri və tərəfdaşlarının qarşıdakı dövrdə edəcəyi seçimlər Ukraynaya ya qətiyyətlə irəliləməyə imkan verəcək, ya da onun müqavimət göstərmək qabiliyyətini ciddi şəkildə sarsıdacaq", - WSJ-nin istinad etdiyi plan layihəsində deyilir.

Aİ liderlərinin bu təklifi fevralın 1-nə planlaşdırılan sammitdə nəzərdən keçirəcəyi gözlənilir.

NƏRGİZ