Zelenski Rusiya əraziləri ilə bağlı fərman imzaladı
Ukrayna Prezidenti Vladimir Zelenski tarixən ukraynalıların məskunlaşdığı Rusiya əraziləri ilə bağlı fərman imzalayıb.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı “Birlik Günü” münasibətilə müraciətində bəyan edib.
O, “Tarixən Ukraynalıların Məskunlaşdığı Rusiya Federasiyası Ərazilərinə Dair” adlı fərmanın tarixi ədaləti bərpa etmək məqsədi daşıdığını bildirib.
“Bu gün biz yalnız Ukraynanın və bizim xalqımızın birliyini gücləndirmək üçün deyil, həm də Ukraynalılarla bağlı həqiqətin, bizim tariximiz barəsində həqiqətin gücləndirilməsi istiqamətində addımlar atmalıyıq. Bu məqsədlə mən bu gün “Tarixən Ukraynalıların Məskunlaşdığı Rusiya Federasiyası Ərazilərinə Dair” fərmanı imzalamışam”, - Zelenski qeyd edib.
Prezident fərmanın Ukraynanın gələcəyi naminə onun tarixi keçmişi barəsində həqiqətlərin bərpasını nəzərdə tutduğunu bildirib.
Fərman həmçinin Rusiya ərazilərində ukraynalıların milli kimliyinin qorunmasına dair fəaliyyət planının hazırlanmasını, Rusiyada yaşayan ukraynalılara qarşı törədilmiş cinayətlərə dair fakt və sübutların toplanılmasını, Rusiyadakı ukraynalılarla bağlı Rusiya tərəfindən dezinformasiya və təbliğata qarşı fəaliyyəti, həmçinin ukraynalılarla Rusiya ərazisindəki digər xalqlar arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsini nəzərdə tutur.