İlk türkiyəli astronavt kosmosdan Ərdoğanla danışdı - VİDEO

 17:08 22.01.2024     147

İki gün əvvəl Beynəlxalq Kosmik Stansiyaya çatan və orada araşdırma işlərinə başlayan ilk türkiyəli astronavt Alper Gezeravcı kosmosdan ilk olaraq Prezident Rəcəb Tayyib Ərdoğanla əlaqə yaradıb.

Redaktor.az yerli mediaya istnadən xəbər verir ki, Türkiyə Prezidenti ölkənin ilk astronavtına uğurlar arzulayıb və onun kosmosda olmasından qürur duyduğunu bildirib. 

“Orada olmaq necə hissdir, hansı işləri həyata keçirirsən?”, - deyə Ərdoğan astronavtdan soruşub.

“Özünü quş kimi yüngül hiss edirsən. Çox fərqli bir təcrübədir. Eksperimentlər aparıb ölkəmizə gətirəcəyəm. Çox yaxşıyam. Türkiyənin astronavtika və elm missiyasında iştirak etdiyim üçün xoşbəxtəm. Ölkəmi təmsil etdiyim və bayrağımızı Beynəlxalq Kosmik Stansiyaya qaldırdığım üçün qürur hissi keçirirəm. Özümüzə olan inamımızı yüksəltməyə və gücləndirməyə imkan yaratdığınız üçün sizə minnətdaram”, - deyə Alper Gezeravcı cavab verib.

“Pilot kimi qalxdığın hündürlükdən də xeyli irəli getdin. Əminəm, çətin bir səyahət təcrübəsi yaşamısan”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, türkiyəli astronavtın ailəsi ilə yanaşı, eyni zamanda sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə də videogörüşü, Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzi və Ankaradakı Tübitak Kosmik Mərkəzi ilə də əlaqə yaradacağı nəzərdə tutulur.