Bəzən düşünürəm ki, bəlkə mən yəhudiyəm?
X sosial media platformasında antisemitizm yaydığı üçün tənqidlərlə üzləşən İlon Mask İkinci Dünya müharibəsi zamanı nasistlərin Polşada qurduğu Osvensim-Birkenau yəhudi düşərgəsini ziyarət edib.
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, Avropa Yəhudi Dərnəyinin (EJA) açıqlamasına görə, səfəri zamanı Maskı EJA prezidenti Ravvi Menahem Marqolin, mühafizəkar ABŞ şərhçisi Ben Şapiro və Holokostdan sağ çıxan Gidon Lev müşayiət edib.
Mask minlərlə insanın güllələndiyi ölüm divarına əklil qoyub və orada keçirilən mərasimdə iştirak edib.
Antisemitizm mövzusunda keçirilən konfransda iştirak etmək üçün Krakova gedən Mask burada da çıxış edib.
"Yəhudilər arasında böyümüşəm, yəhudi uşaq bağçasına getmişəm, hətta adım da yəhudi adıdır. 13 yaşım olanda İsrailə getmişdim. Dostlarımın çoxu yəhudidir. Bəzən düşünürəm ki, bəlkə mən yəhudiyəm?", - deyə Mask çıxışında vurğulayıb.