Rusların Xarkova hücumu nəticəsində ölən və yaralananların sayı artır

 15:26 23.01.2024     184

Rusiyanın Ukraynanın Xarkov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artmaqda davam edir. Artıq 5 qurban və 51 yaralı məlumdur.

Redaktor.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov Teleqramda yazıb.

“Yenilənmiş məlumatlara görə, düşmənin Xarkovu atəşə tutması nəticəsində ölənlərin sayı 5 nəfərdir, 51 nəfər isə yaralanıb”.

Onun sözlərinə görə, bütün zərərçəkənlərə lazımi yardım göstərilir.

Qeyd edək ki, gecə saatlarında rus işğalçıları Xarkovu atəşə tutublar. Xüsusilə yaşayış və mülki əraziləri hədəfə alıblar. Səhər saatlarında şəhərdə silsilə partlayışlar baş verib. Rusiyanın Xarkovu atəşə tutması nəticəsində yaşayış binasının girişi dağıdılıb, insanlar dağıntılar altında qalıb. Əvvəlcə 38 yaralı və iki nəfərin öldüyü bildirilirdi. Daha sonra Xarkova raket hücumu nəticəsində ölənlərin sayı 2 nəfərdən 3 nəfərə, yaralıların sayı isə 42 nəfərə yüksəlib.

Bundan başqa, Xarkova hücum nəticəsində 30 yaşayış binasına ziyan dəyib, minə yaxın pəncərə sındırılıb. 20 evdə istilik, 14 evdə işıq, 12 evdə qaz kəsilib.

Turan İSMAYIL