Ermənistan ordusunun yeni geyimi NATO standartlarına uyğun olacaq
Ermənistan ordusu üçün yeni formada NATO standartları nəzərə alınacaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Hələ ötən ilin noyabrında müdafiə naziri Suren Papikyan parlamentdə orduda hərbi geyimlərin dəyişdirilməsi prosesinə başlanıldığını, beynəlxalq tərəfdaşlarla iş aparıldığını bildirmişdi.
“Müdafiə Nazirliyi yeni geyim formasını seçərkən həm NATO meyarlarına, həm də beynəlxalq təcrübənin nəticələrini nəzərə alıb. Bu prosesdə xüsusilə ABŞ, Fransa, Yunanıstan və Çexiya ordularının hərbi geyim nümunələri tədqiq edilib”, - deyə nazirlikdən deyilib.
Yeni geyim formasının tətbiqindən sonra Müdafiə Nazirliyi ordu geyimləri nümunəsinin sərbəst satışını qadağan edən qanunvericilik təşəbbüsü ilə çıxış edəcək.
Xatırladaq ki, ötən il hökumət geyimin dizaynı və keyfiyyəti ilə bağlı fikirlərini təqdim edə biləcək bütün mütəxəssisləri cəlb etmək üçün tender elan etmişdi. Orada bir neçə erməni şirkəti iştirak edirdi.