"Türkdilli dövlətlər arasında əlaqələr möhkəmləndirilməlidir" - Tokayev

 15:38 23.01.2024     192

Türkdilli dövlətlər arasında mədəni, mənəvi, tarixi, siyasi və iqtisadi sahələrdə əlaqələr möhkəmləndirilməlidir.

Redaktor.az-ın yerli mediaya istinadən məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın dövlət xadimi, diplomat, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvü İkram Adırbekovla görüşündə deyib.

Onun fikrincə, universitetlərin filiallarının açılması, birgə elmi tədqiqatların aparılması, ümumi dəyərlərin təşviqi, eləcə də, iqtisadiyyatın maliyyə, süni intellekt, İT və aerokosmik sənaye kimi prioritet sahələrində birgə layihələrin icrasına xüsusi diqqət yetirilməlidir.

Söhbət zamanı, həmçinin, ötən ilin noyabr ayında TDT-nin sədri olaraq Qazaxıstan tərəfindən təşkilatın 10-cu sammitində təqdim olunan "Türk vaxtı!" ("TURKTIME!") proqramının əsas istiqamətlərinin reallaşdırılması müzakirə olunub.

İkram Adırbekov türk dünyasının mənəvi paytaxtı və bütün türk xalqlarının tarixində xüsusi rol oynamış şəhər olaraq Türküstanın inkişafı üçün görülməli tədbirlərdən danışıb.