Şimali Koreya Cənubi Koreya ilə birləşmə simvolunu sökür
Şimali Koreya Cənubi Koreya ilə birləşmənin simvolu olan "Yenidən birləşmə tağı"nı söküb.
Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti peykdən çəkilmiş görüntülərə istinadən məlumat yayıb.
Müəlliflər bildiriblər ki, Şimali Koreyanın hərəkətləri Cənubi Koreyada narahatlıq yaradır və bu, Pxenyanın siyasi kursunun dəyişməsi anlamına gələ bilər. Mümkün səbəblərdən biri ABŞ-da keçiriləcək prezident seçkiləridir.
"Yenidən birləşmə tağı" 2001-ci ildə Şimali və Cənubi Koreya liderlərinin ilk dəfə görüşdüyü ilk Koreyalararası sammitin xatirəsinə ucaldılmış abidədir. Abidədə ənənəvi paltar geyinmiş iki koreyalı qadın əllərində vahid Koreyanın xəritəsini tuturlar.
Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In KXDR konstitusiyasından Cənubi Koreya ilə sülh yolu ilə birləşmə müddəasının çıxarılmasını təklif etmişdi. Səbəblərdən biri Pxenyana qarşı sərt mövqe tutan Cənubi Koreya prezidenti Yoon Suk-Yeolun kursudur.
NƏRGİZ