Amazondakı rekord quraqlığın əsas səbəbi AÇIQLANDI

 15:56 25.01.2024     226

2023-cü ildə Braziliya Amazonlarında yaşanan rekord quraqlığa iqlim dəyişikliyi səbəb olub.

Redaktor.az xəbər verir ki, bu qənaətə World Weather Attribution (WWA) hava araşdırmaları mərkəzinin beynəlxalq alimlər qrupu gəlib.

"Braziliyanın Amazon bölgəsində 2023-cü ildə rekord quraqlığın əsas səbəbi insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi olub", - təşkilatın saytında deyilir.

Alimlərin fikrincə, El Nino fenomeninin Amazon hövzəsində havaya təsiri mütəxəssislərin gözlədiyindən xeyli zəif olub: “İqlim dəyişiklikləri temperaturun artmasına və yağıntıların azalmasına səbəb olur. Bu amillər 2023-cü ildə görünməmiş quraqlıq ehtimalını yeganə hava sürücüsünün El Nino olacağı bir vəziyyətlə müqayisədə 30 dəfə artırdı”, - tədqiqat müəllifləri qeyd edirlər.

WWA hesabatı üzərində Braziliya, Böyük Britaniya, Hollandiya və ABŞ-dan olan meteoroloqlar çalışıblar. Onlar müasir iqlim müşahidələrini sənayedən əvvəlki dövrdə əldə edilmiş məlumatlarla müqayisə ediblər.

Braziliya Amazonları 2023-cü ilin martından bəri görünməmiş quraqlıq yaşayır. Bölgədə yağıntılar normadan xeyli aşağıdır, çaylar rekord səviyyədə quruyub və davamlı yüksək temperatur şəraitində meşə yanğınları daha tez-tez baş verib. Amazon hövzəsində suyun qeyri-adi dərəcədə yüksək istiləşməsi bölgədə yaşayan balıq və heyvanların kütləvi şəkildə ölümünə səbəb olub.

NƏRGİZ