"Hindistan demokratiyanın anasıdır" - Prezident

 19:08 25.01.2024     169

Hindistan demokratiyanın doğulduğu yerdir, çünki Hindistanın demokratik sistemi Avropa sistemindən daha qədimdir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu bu Cənubi Asiya ölkəsinin prezidenti Draupadi Murmu yanvarın 26-da qeyd olunan Respublika Günü ərəfəsində xalqa müraciətində deyib.

"Sabah konstitusiyanın qüvvəyə minməsini qeyd edəcəyimiz gündür. Onun preambulası "Biz Hindistan xalqıyıq" sözləri ilə başlayır və bununla da sənədin mövzusunu, yəni demokratiyanı vurğulayır. Hindistanda demokratik sistem çox böyükdür. Qərb demokratiyası anlayışından daha qədimdir. Bu səbəbdən Hindistanı demokratiyanın anası adlandırırlar" - Murmu deyib. 

Hindistanın uğurlarından danışan prezident onu da qeyd edib ki, son illər ölkənin ÜDM-in artım tempi dünyanın ən böyük iqtisadiyyatları arasında ən yüksək səviyyədə qalıb. "Və bizim bu cür göstəricilərin 2024-cü ildə və ondan sonra da davam edəcəyinə inanmaq üçün bütün əsaslarımız var", - Hindistan dövlət başçısı qeyd edib.

O, əlavə edib ki, son illərdə süni intellekt və maşın öyrənməsi kimi texnoloji nailiyyətlər ölkənin gündəlik həyatının bir hissəsinə çevrilib. "Gələcəkdə bir çox çətin sahələr var, lakin qarşıda xüsusilə də gənclər üçün maraqlı imkanlar var. Onlar yeni sərhədləri kəşf edirlər. Biz onların yolundan maneələri aradan qaldırmaq və onların tam potensiallarına çatmalarına imkan vermək üçün əlimizdən gələni etməliyik", - prezident bildirib.

Qeyd edək ki, 1947-ci il avqustun 15-də Hindistan Böyük Britaniyadan müstəqillik qazanıb, 1950-ci il yanvarın 26-da isə respublika elan edən ölkənin konstitusiyası qüvvəyə minib. O vaxtdan bəri hər il Respublika Günü qeyd olunur və Yeni Dehlidə hərbi parad keçirilir. Tarix ona görə seçildi ki, 1930-cu il yanvarın 26-da Hindistan Milli Konqresi partiyası Hindistanın Britaniya İmperiyasından tam müstəqilliyi uğrunda mübarizəni rəsmən bəyan etdi.

Turan İSMAYIL