Bayden Misir və Qətər liderləri ilə girovları müzakirə etdi
ABŞ Prezidenti Co Bayden Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Fələstinin HƏMAS radikal hərəkatının Qəzza zolağında saxladığı girovların azad edilməsi perspektivlərini müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Prezident Bayden Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə İsrail və Qəzzada baş verən son hadisələri, o cümlədən HƏMAS-ın girov götürdüyü bütün girovları azad etmək səylərini müzakirə etmək üçün danışıb", - mətbuat xidmətinin bəyanatında deyilir. Amerika liderinin eyni məsələləri müzakirə etdiyi Qətər əmiri ilə də danışdığı qeyd edilir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən növbəti brifinqdə Baydenin Yaxın Şərq liderləri ilə danışıqlarını şərh edərkən bildirib ki, ABŞ girovların azad edilməsi ilə bağlı yeni razılaşma əldə etmək niyyətindədir.
“2023-cü ilin noyabrında etdiyimiz kimi, daha bir girov müqaviləsini asanlaşdırmaq üçün əlimizdən gələni etməyə davam edirik” o deyib.
T.İSMAYIL