Gürcüstan Prezidentinə Paşinyanla görüşə icazə verilməyib
Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmək imkanı verilməməsindən təəssüfləndiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Zurabişvili feysbuk hesabında məlumat yayıb.
“Gürcüstan Prezidenti Ermənistan Respublikasının Baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin prezidentə Gürcüstana səfər edən dost ölkələrin liderləri ilə görüşmək və onlara lazımi qonaqpərvərlik göstərmək imkanı verilməməsindən təəssüflənir”, - deyə o qeyd edib.
Gürcüstan Prezidenti həmçinin ölkəyə yüksək səviyyəli səfərlər, görüşlər və ya planlaşdırılan tədbirlər barədə müvafiq idarənin ona məlumat verməməsindən də təəssüfləndiyini bildirib.
Paşinyan cümə günü Tiflisə işgüzar səfərə gəlib. O, artıq Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə danışıqlar aparıb. Daha sonra tərəflər Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclasını keçiriblər. Danışıqlar nəticəsində Gürcüstanla Ermənistan arasında strateji əlaqələrin qurulacağı açıqlanıb.