Finlandiyada prezident seçkiləri keçiriləcək
Finlandiyada ölkənin sayca 13-cü dövlət başçısını müəyyən edəcək prezident seçkiləri keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu vəzifə uğrunda həm siyasi partiyalar, həm də seçici hərəkatları tərəfindən irəli sürülmüş ümumilikdə doqquz namizəd mübarizə aparır.
Seçkilərdə yaşı 18-dən yuxarı olan Finlandiya vətəndaşları səs verə biləcək.
Təxminən 4,55 milyon nəfərin səsvermə hüququ var (ölkə əhalisi 5,56 milyon nəfərdir). Seçki məntəqələri yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) açılacaq və saat 20:00-a (Bakı vaxtı ilə 22:00) qədər açıq olacaq. Erkən səsvermə yanvarın 17-23-də keçirilib və seçicilərin 44,7 %-i iştirak edib.
Seçkinin nəticələri günün sonuna kimi bəlli olacaq. Namizədlərdən biri qalib gələrsə, fevralın 1-də yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, ən yüksək nəticə göstərən iki namizəd fevralın 11-də keçiriləcək ikinci tura keçəcək.
Finlandiyada prezident altı il müddətinə seçilir.