İran təkzib edir - "Bu məlumatın heç bir əsası yoxdur"
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Pekinin Tehrandan Yəmən şiə Ənsar Allah hərəkatının (Husi) Qırmızı dənizdə hücumlarını dayandırmasını tələb etməsini təkzib edib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Jurnalistlər etibarlı olan rəsmi mənbələrə müraciət etməlidirlər. Bu məlumatın heç bir əsası yoxdur və mən bu xəbərin mənbəyini və haradan gəldiyini bilmirəm”, - İran Xarici İşlər Nazirliyinin nümayəndəsi müxbirin sualına cavab olaraq brifinqdə deyib.
Qeyd edək ki, Reuters daha əvvəl bildirmişdi ki, Çin İrandan Qırmızı dənizdəki Ənsar Allah hərəkatının hücumlarını dayandırmağa kömək istəyib. Agentliyin məlumatına görə, Çin və İran bu yaxınlarda Pekində və Tehranda bir neçə görüş keçirərək, ticarət və Qırmızı dənizdəki hücumları müzakirə ediblər.
NƏRGİZ