Həmas nümayəndə heyəti Qahirədə girovları müzakirə edəcək
Fələstinin radikal HƏMAS hərəkatının nümayəndə heyəti Parisdə razılaşdırılmış girov razılaşmasını müzakirə etmək üçün yanvarın 31-də Qahirəyə səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, nümayəndə heyəti Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə etmək üçün Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə görüşəcək.
Yanvarın 28-də AFP xəbər verib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Parisdə Misir, İsrail və Qətər nümayəndələri ilə görüşüb. NBC öz növbəsində bildirib ki, məsləhətləşmə iştirakçıları HƏMAS və İsrail arasında radikallar tərəfindən saxlanılan girovların mərhələli şəkildə fələstinli məhbuslarla dəyişdirilməsini, hərbi əməliyyatların dayandırılmasını və Qəzzaya humanitar yardımın çatdırılmasını nəzərdə tutan yeni saziş əsasında razılaşıblar. Çərşənbə axşamı HƏMAS Parisdə keçirilən görüşdə İsraillə razılaşma təklifi aldığını təsdiqləyib.
Qeyd edək ki, noyabrın 22-də Həmas Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzzada 4 günlük humanitar atəşkəs haqqında razılığa gəldiyini və noyabrın 24-də qüvvəyə mindiyini açıqladı. Razılaşmada, azad edilmiş hər girov qadın və uşağın müqabilində İsrailin üç fələstinli qadın və uşağı həbsdən azad etməsi nəzərdə tutulurdu. Tərəflər atəşkəsi bir neçə dəfə uzadıb, lakin dekabrın 1-də səhər saatlarında İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib və Qəzzada yenidən döyüşlərə gedəcəyini açıqlayıb. Dekabrın 5-də Həmas Siyasi Bürosunun üzvü Usamə Həmdan bildirib ki, İsrail Qəzzada hərbi əməliyyatları tamamilə dayandırana qədər radikallar qalan girovları azad etməyəcəklər.
Turan İSMAYIL