Zaxarova Ermənistana xəbərdarlıq etdi - "Xəritəni açıb baxmaq lazımdır ki..."
"Əgər kimsə yaxınlıq istəyirsə, bunun nə qədər təhlükəli olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir. Biz artıq görmüşük ki, NATO-nun yaxınlığı bir çox ölkələr üçün nələrə gətirib çıxarır - münaqişələrə qarışmaq, suverenlik və müstəqilliyin itirilməsi, sözün hər mənasında və bütün sahələrdə iradənin başqasının planına tabe olması, ən əsası isə öz milli maraqlarını həyata keçirmək imkanın olmaması...".
Redaktor.az xəbər verir ki, bunu Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolominin Ermənistanın xarici siyasətinin NATO ilə yaxınlığa yönəldiyi barədə sözlərini şərh edərkən deyib.
“Yəqin ki, burada əsas parametrlərə diqqət etməliyik. Ermənistanın milli maraqları nədən ibarətdir? Yəqin ki, bunu təhlil etmək lazımdır, xəritəni açıb baxmaq lazımdır ki, bu ölkə hansı regionda hansı qonşuların arasında yerləşir. Bu cür yaxınlığın lehinə çıxış edənlər üçün tarix dərsliklərini oxumaq lazımdır ki, belə münasibətlər bölgə dövlətlərilə əlaqələrin qırılmasına, qonşuların qıcıqlanmasına gətirib çıxarır. Biz bütün bunları təhlil edib Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, nəyin faydalı, nəyin qısamüddətli fayda gətirdiyini, nəyin ortamüddətli, nəyin uzunmüddətli olduğunu anlamalıyıq və vədlərdən deyil, bundan çıxış etməliyik”.
Zaxarovanın sözlərinə görə, Qərbdə hər şeyi vəd edirlər. “Amma mən onların harada nə etdiklərini düşünürəm. Bəli, məmurlara rüşvət vermək lazım olanda, Ukraynada, Moldovada da gördüyümüz kimi, bir sıra başqa dövlətlərdə olduğu kimi, onların buna kifayət qədər pulu var və s. Amma NATO və ABŞ-ın yaxınlığına ümid bəsləyən müvafiq ölkələrin iqtisadiyyatlarının inkişafı üçün real maddi platformalar və zəmin yaratmaq lazım olanda, nədənsə vədlər heç vaxt yerinə yetirilmir. Mən son 30-40 ildə heç bir nümunə bilmirəm, görməmişəm”, - deyə Zaxarova vurğulayıb.