Gürcüstanın yeni Baş naziri KİMDİR?
Bu gün Gürcüstanın yeni Baş naziri təsdiqlənəcək. Hakim “Gürcü Arzusu” partiyasının siyasi şurasının iclası və qurultayında təşkilatın yeni sədri və baş nazir seçiləcək. Parlamentin növbəti sessiya həftəsində isə yeni baş nazirin və hökumətin tərkibinin təsdiqlənməsi planlaşdırılır.
Redaktor.az xəbər verir ki, Gürcüstanın həm hökumət, həm də müxalifətə yaxın televiziya kanalları, “Gürcü Arzusu”nun hazırkı lideri İrakli Kobaxidzenin bir neçə gün əvvəl istefa verən İrakli Qaribaşvilidən sonra Baş nazir postunu tutacağını bildiriblər.
Qaribaşvilinin isə hakim partiyanın sədri postunu tutacağı gözlənilir.
Ekspertlər deyir ki, Baş nazirin dəyişməsi hakim partiyanın yürütdüyü siyasətin dəyişməsinə səbəb olmayacaq. Bu dəyişiklik ilk növbədə seçkilər ərəfəsində hakim bloku gücləndirmək məqsədi daşıyır.
İrakli Kobaxidze 46 yaşındadır. O, 2016-2019-cu illər arasında Gürcüstan Parlamentinin sədri vəzifsində çalışıb. 2019-cu ildəki etirazların ilk günündə istefa verib.
Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirən Kobaxidze Düsseldorf Universitetində fəlsəfə doktoru dərəcəsinə yiyələnib. O, Gürcüstan universitetlərində dərs deyib və Avropa Şurasının Gürcüstandakı Ofisində strateji planlaşdırma məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib.
Kobaxidze 2015-ci ilin yanvar ayında hakim Gürcü arzusu partiyasına qatılıb.
O, hökumət əleyhdarlarına, müxalifətə qarşı radikal ritorikası ilə reputasiya qazanıb.