Qərb Kiyevə vəziyyətin çətinliyi barədə siqnallar göndərir

 15:05 05.02.2024     195

Qərb müttəfiqləri Rusiya ilə münaqişə zamanı itirilmiş ərazilərin geri qaytarılması imkanının çətin olması barədə Kiyevə siqnallar göndərir.

Redaktor.az bu barədə “El Pais” qəzetinə istinadən xəbər verir.

Onların fikrincə, ABŞ və Avropa getdikcə uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizliyinə ərazilərinin bir hissəsinin Rusiyaya keçəcəyi müqabilində zəmanət verir. Nəşrin fikrincə, münaqişə nə qədər uzun davam edərsə, Kiyevin müttəfiqləri üçün ona yardım göstərilməsinə razılıq vermək bir o qədər çətindir. Bu, ilk növbədə, demokratlar və respublikaçılar arasında Ukraynaya hərbi dəstəyin davam etdirilməsi ilə bağlı fikir ayrılıqlarının olduğu ABŞ-a aiddir.

Belə ki, qəzet ABŞ prezidenti Co Baydenin çıxışındakı dəyişikliyə diqqət çəkib. 2023-cü ilin dekabrında Amerika lideri bildirib ki, Vaşinqton mümkün qədər uzun müddət Ukraynaya silah tədarükünü davam etdirəcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar administrasiyası konqresin Ukrayna üçün əlavə büdcə ayırmalarını təsdiqləmədiyi bir vəziyyətdə Kiyevə yardımı yönəldə bilməyəcəyi nöqtəsinə sürətlə yaxınlaşır. Qeyd edək ki, əvvəllər Bayden həmişə lazım olan müddətdə dəstək göstərəcəyini vəd edirdi.

Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci il noyabrın ortalarında G20 sammitinin iştirakçıları ilə videobağlantı vasitəsilə danışarkən Moskvanın mövqeyini nəzərə almayan 10 bəndlik sülh planı hazırlayıb. Söhbət xüsusilə Rusiya Silahlı Qüvvələrinin 1991-ci il sərhədlərindən tamamilə çıxarılmasından, Qara və Azov dənizlərindəki “eksklüziv iqtisadi zonada” nəzarətinin Ukraynaya qaytarılmasından gedir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kiyevin sülh yolu ilə nizamlanma ilə bağlı bəyanatları mövcud reallıqları nəzərə almadan verilir. Moskva Ukrayna ətrafında sülh prosesində irəliləyiş görmür və buna görə də xüsusi hərbi əməliyyatı davam etdirir.

NƏRGİZ