9 Çin təyyarəsi Tayvana hücum etdi

 16:16 05.02.2024     256

Ən azı doqquz Çin təyyarəsi Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi fevralın 5-də məlumat verib.

“Bu gün saat 13:50-dən başlayaraq Çinin cənub-şərq sahilləri yaxınlığında ümumilikdə 17 PLA təyyarəsi - o cümlədən Su-30 qırıcıları, Y-8 təyyarələri, pilotsuz uçuş aparatları və s. görünüb”, - departamentin X sosial şəbəkəsindəki səhifəsində deyilir.

Onlardan 9-nun Tayvan boğazının orta xəttini keçərək adanın şimal və mərkəzi hissələrində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olduğu dəqiqləşib. Buna cavab olaraq Tayvan silahlı qüvvələri müvafiq qüvvələri yerləşdirib.

Bir gün əvvəl Yaponiyanın Kyodo agentliyi hökumətdəki mənbələrə istinadən xəbər vermişdi ki, Yaponiya və ABŞ birgə hərbi təlimlər zamanı ilk dəfə olaraq Çini hipotetik düşmən kimi tanıyıblar. Bu ssenari əvvəllər işlənməyib.

Bundan əvvəl, fevralın 2-də Pentaqonun Tayvana çatdırılması üçün 50 ədəd hava-yer raketinin istehsalına dair Amerikanın müdafiə-sənaye şirkəti "Raytheon" ilə yeni müqaviləsi məlum olub.

Bir gün əvvəl, fevralın 1-də "Reuters" xəbər vermişdi ki, Birləşmiş Ştatlar Tayvanla bağlı Çinlə hərbi münaqişə yaranarsa, Avstraliyada öz hərbi texnika ehtiyatını qoyub.

Çin və Tayvan arasında münaqişə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda adaya səfərindən sonra kəskinləşib. Çin tərəfi Tayvanı öz ərazisi hesab edir və buna görə də başqa ölkələrin rəsmilərinin adaya səfərlərini Tayvanın müstəqilliyinə dəstək kimi qiymətləndirir.

Çin hökuməti ilə onun ada əyaləti arasında rəsmi əlaqələr 1949-cu ildə Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsində məğlub olan Çan Kay-Şekin başçılıq etdiyi Kuomintang qüvvələrinin Tayvana köçməsi ilə kəsilib. Ada ilə Çin arasında təmaslar 1980-ci illərin sonlarında bərpa olunub. ABŞ Tayvan hakimiyyətini açıq şəkildə dəstəkləyir.

NƏRGİZ