Qırğızıstan və Tacikistan razılığa gəldilər

 16:42 05.02.2024     267

Qırğızıstan və Tacikistanın nümayəndələri dövlət sərhədinin daha 3,7 km-lik ümumi sahəsi üzrə razılığa gəliblər.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Alınan razılığa əsasən, 2024-cü il yanvarın 30-dan fevralın 5-dək Qırğızıstan Respublikasının Batken vilayətinin Batken şəhərində Qırğızıstan hökumətinin nümayəndə heyətlərinin hüquqi məsələlər üzrə topoqrafik işçi qruplarının Qırğızıstan-Tacikistan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası haqqında növbəti iclası keçirilib. Bu görüşdə topoqrafik işçi qrupları Qırğızıstan-Tacikistan dövlət sərhədinin 3,71 km-də razılığa gəliblər”, - məlumatda deyilir.

Tərəflər Tacikistan ərazisində baş tutacaq növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəklər.

Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu 970 km-dən bir qədər çoxdur. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin təxminən 90%-i dövlətlər tərəfindən müəyyən edilib, qalan hissələr mübahisəli hesab olunur. Bu məsələnin həll olunmaması dəfələrlə iki respublikanın yerli sakinləri və hərbçilərinin iştirakı ilə münaqişələrə səbəb olub.

NƏRGİZ