Avroparlament "TikTok"dan seçki kampaniyasında istifadə EDƏCƏK
Avropa Parlamenti (AP) tətbiqin korporativ cihazlarda quraşdırılmasına qadağa qoyulmasına baxmayaraq, qarşıdan gələn seçki kampaniyasında "TikTok"dan istifadə etmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə "Euractiv" portalı AP-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Rabitə Baş Direktorluğu ilkin olaraq Avropa Parlamentinin cihazlarını və şəbəkələrini cəlb etmədən "TikTok" platformasında iştirak yaratmağı planlaşdırır”, - nəşrdə deyilir.
Mətbuat xidmətinin təsdiq etdiyi kimi, belə bir qərar Avropa Parlamentinə sistemləri təhlükəsiz saxlamaqla yanaşı, dezinformasiya ilə mübarizə aparmağa və mesajlar çatdırmağa imkan verəcək.
Qeyd edək ki, 2023-cü ilin fevralında Avropa Komissiyası "TikTok"un korporativ cihazlarda və Avropa Komissiyasının mobil cihazlar üçün xidmətində qeydiyyatdan keçmiş şəxsi kabinetlərdə istifadəsinə qadağa qoyub. Bu tədbir kibertəhlükəsizliyi yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
2023-cü ilin sentyabrında Avropa İttifaqı "TikTok" sosial şəbəkəsini uşaqların məlumatlarını təhlükə altına atdığına görə 345 milyon avro cərimələyib. Komissiyanın fikrincə, "TikTok" yetkinlik yaşına çatmayanları məlumatların lazımsız emalından qoruya bilməyib və qeyri-şəffaf hərəkət edib.
NƏRGİZ