İsrail qırıcıları Beyrut üzərində peyda oldu

 18:51 08.02.2024     218

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın hava məkanını pozaraq Beyrut üzərində kəşfiyyat uçuşları həyata keçirib.

Redaktor.az "Al Wataniya"ya istinadən xəbər verir ki, iki düşmən təyyarəsi şəhərin Hizbullah şiə milislərinin obyektlərinin olduğu cənub rayonları üzərində səmada peyda olub.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri ölkənin cənubundakı şiə döyüşçülərinin mövqelərinə hücum edərək, onların Cebbin, Rmeiş və Teir Harfdakı atəş nöqtələrinə zərbələr endirib.

Səhər saatlarında İsrail qırıcıları Bint Cbeil rayonundakı sərhəd bölgələrinə, eləcə də Ayt əş-Şaab və Kfar Killa kəndlərinə reydlər həyata keçirib. Nəticədə bir neçə ev dağılıb, bir mülki şəxs həlak olub, bir nəfər isə yaralanıb.

"Naharnet" xəbər portalının məlumatına görə, 2023-cü il oktyabrın 8-də hərbi eskalasiya başlayandan bəri Livanın cənubunda 39 dinc sakin İsrailin hücumlarının qurbanı olub. Hizbullah birləşmələri sərhəd əməliyyatları zamanı 182 döyüşçünü itirib.

Turan İSMAYIL