İsrail qırıcıları iranyönlü şiə birləşmələrinin bazasına hücum etdi

 16:28 09.02.2024     447

İsrail Hərbi Hava Qüvvələri Suriya ordusunun tərəfində vuruşan iranyönlü şiə birləşmələrinin bazasının yerləşdiyi Dəməşqin qərbində yerləşən Mezze hərbi aerodromuna hücum edib.

Redaktor.az xəbər verir ki, Dubaydan yayımlanan “Al Hadath” telekanalının verdiyi məlumata görə, raket zərbələri şiə silahlı “Hizbullah” silahlılarının silah anbarlarına endirilib.

Bildirilib ki, İsrail qırıcıları həmçinin Yafur bölgəsində və Suriyanın paytaxtı Seyidə Zeynəbin ətraflarında şiə döyüşçülərinin düşərgələrinə raket zərbələri endirib, onların arasında ölən və yaralananlar da var.

Qeyd edək ki, yanvarın 20-də İsrailin Dəməşqə hava hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin kəşfiyyat xidmətinin komandiri general Yusuf Omid Zadə həlak olub.

Dekabrın 25-də İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının cənubundakı Seyidə Zeynəb bölgəsinə hücumu zamanı Suriyadakı SEPAH-ın bir qrup hərbi məsləhətçisinə rəhbərlik edən general Razi Musəvi öldürülüb.

SANA bildirib ki, hava hücumundan müdafiə qüvvələri “İsrail təcavüzkarlarının Dəməşqin cənub və qərb ətrafına hücumunu dəf edir”. “Bizim hava hücumundan müdafiə sistemlərimiz paytaxtın səmasında düşmən hədəflərini atəşə tutur”, - məlumatda deyilir.

Turan İSMAYIL