İsrail nümayəndə heyəti Qəzzaya görə Qahirəyə gedib - Kritik görüşmə
İsrail nümayəndə heyəti Parisdəki danışıqlarda vasitəçilər tərəfindən hazırlanmış Fələstinin Qəzza zolağı ilə bağlı beynəlxalq təşəbbüsün həyata keçirilməsi üzrə məsləhətləşmələrdə iştirak etmək üçün Qahirəyə gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, fələstinli məhbuslarla girovların mübadiləsinə dair razılaşmanı müzakirə etmək üçün Qahirəyə gələn İsrail nümayəndə heyətinə ölkənin təhlükəsizlik xidmətlərinin nümayəndələri daxildir.
Fevralın 8-də Fələstinin HƏMAS hərəkatının Qəzza zolağındakı rəhbərinin müavini Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyəti Misirin paytaxtına gəlib. Hərəkatın məsələ ilə bağlı bəyanatında deyilir ki, hərəkatın nümayəndələri Qəzzada atəşkəslə bağlı danışıqları yekunlaşdırmaq üçün Qahirəyə gəliblər.
Fevralın 7-də Misir və Qətər “Qəzzada sakitliyə və girovların fələstinli məhbuslarla mübadiləsinə dair razılaşmalara nail olmaq üçün” fevralın 8-də danışıqların yeni mərhələsinə çağırıb. Eyni zamanda, Misir həm Qəzzadakı münaqişədə birbaşa iştirak edən, həm də nizamlanma prosesində iştirak edən bütün tərəfləri Fələstin anklavında sabitliyə nail olmaq üçün “lazımi çeviklik göstərməyə” çağırıb.
Fələstinin "Maan" agentliyinin məlumatına görə, Qətər nümayəndələri də dialoqda birbaşa iştirak edəcəklər. Agentlik bildirib ki, Misirin paytaxtında keçirilən görüşlərdə real irəliləyiş olarsa, Ramallahda həm İsrail tərəfi, həm də Fələstin nümayəndələri ilə daimi təmasda olan ABŞ dövlət katibi Antoni Blinken də danışıqlara qoşula bilər. "Maan" yazır ki, Qahirədə məsləhətləşmələr ən azı 10 gün davam edə bilər.
Turan İSMAYIL