Finlandiya Ukraynaya yeni hərbi yardım paketi köçürəcək

 17:18 09.02.2024     418

Finlandiya Ukraynaya yeni hərbi yardım paketi ötürəcək. Bu partiyaya daxil olan avadanlığın dəyəri təxminən 190 milyon avro təşkil edir.

Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Respublika Prezidenti Ukraynaya yeni hərbi yardım paketi haqqında qərarı cümə günü, fevralın 9-da hökumətin təklifi ilə qəbul edib. Bu, artıq Finlandiyadan Ukraynaya müdafiə avadanlığının 22-ci çatdırılmasıdır.

Ukraynaya verilən Finlandiya müdafiə avadanlığının ümumi dəyəri 1,8 milyard avro təşkil edir.

Bu dəfə yardım paketinə Ukraynaya dəstək məqsədi daşıyan ayrıca 30 milyon avroluq maliyyə paketinin bir hissəsi kimi yerli sənayedən alınan məhsullar da daxildir.

Əməliyyat səbəblərindən və yardımın təhlükəsiz çatdırılmasını təmin etmək üçün yardımın dəqiq məzmunu, çatdırılma üsulu və vaxtı açıqlanmır.

Qeyd edək ki, Rusiya Federasiyasının tammiqyaslı hərbi təcavüzünə başlayandan sonra Finlandiya Ukraynaya müdafiə və humanitar yardım göstərir.

Bundan əvvəl Finlandiya hökuməti 2024-cü il büdcə layihəsinə əlavələr edilməsi təklifini parlamentə təqdim edib. Buraya Ukraynaya artan yardım daxildir.

Bu yaxınlarda Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Tavio Helsinkinin Ukraynada ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün 3 milyon avro yardım edəcəyini açıqlamışdı.

Turan İSMAYIL