Şəhərin mərkəzi traktorlarla bağlandı

 18:05 09.02.2024     382

Polşanın Vielkopolska vilayətinin paytaxtı Poznan şəhərinin mərkəzi fermerlərin etiraz aksiyası çərçivəsində 1300-dən çox traktorla bağlanıb.

Redaktor.az-ın məlumatına görə, RAR agentliyi xəbər verir ki, bir neçə yüz traktor Torun şəhərinin küçələrinə çıxıb və buna görə də bir çox şəhər məktəblərində dərslər ləğv edilib. Polşanın şimalındakı Olştin şəhəri yaxınlığında 100-ə yaxın traktor yollara çıxıb və nəqliyyatın hərəkətinə mane olub.

Ümumilikdə, Ukrayna ilə sərhəddə sərhəd keçidlərinin blokadaya alınması da daxil olmaqla, 260-dan çox yerdə etiraz aksiyaları keçirilir.

Fermerlər Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı və ya tamamilə qadağan etməyi, milli heyvandarlığa dəstəyi gücləndirməyi tələb edir, həmçinin Avropa İttifaqının 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olunmasını nəzərdə tutan Yaşıl Sövdələşmə strategiyası ilə razılaşmadıqlarını bildirirlər.

Fermerlərin etiraz aksiyası Polşa Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəstəklənir. Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Çeslav Sekierski deyib ki, "fermerlərin gözləntiləri ədalətlidir; onlar Ukraynadan mal axınını məhdudlaşdırmaq istəyirlər".

Turan İSMAYIL