Ukraynanın müdafiə naziri yeni Baş Komandanla görüşdü - Nə danışdılar?
Ukraynanın müdafiə naziri Rustem Umerov Silahlı Qüvvələrin Ali Baş Komandanı general-polkovnik Aleksandr Sırski ilə ilk işgüzar görüş keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Telegram-da məlumat yayıb.
Qeyd olunur ki, görüşdə Ukrayna Silahlı Qüvvələrinin 2024-cü il üçün müfəssəl fəaliyyət planı məsələsi müzakirə olunub.
"Fövqəladə vacib məsələ maddi-texniki təminat sisteminin yaradılması və ordunun lazımi ehtiyaclarla vaxtında təmin edilməsidir. Əsas diqqət effektiv rotasiya sisteminə və bölmələrin istirahətinə yönəlib", - deyə Umerov bildirib.
Müdafiə naziri və Ali Baş Komandan təlimin keyfiyyətinin yüksəldilməsi, təlim mərkəzləri ilə təminat, yeni təlimatçıların hazırlanması və müasir təcrübənin nəzərə alınması məsələlərini də müzakirə ediblər.
Ukrayna Silahlı Qüvvələrinin yeni qolu - Pilotsuz Sistem Qüvvələrinə xüsusi diqqət yetirilib.
"Biz yeni həllər, təcrübənin ümumiləşdirilməsini gözləyirik. Ən əsası isə yeni modellərin hazırlanması üçün texniki tapşırıqlar. Bu, sabah bizim üçün strateji üstünlük yaradacaq. Mənalı görüşə görə general-polkovnikə təşəkkür edirik!", - deyə nazir yekunlaşdırıb.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı dəyişib. Fevralın 8-də Prezident Volodimir Zelenski axşam videomüraciətində Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad etdiyini bildirib. Dövlət başçısı Zalujnının əvəzinə bu vəzifəyə general-polkovnik Aleksandr Sırskini təyin edib. O hesab edir ki, 2024-cü il Ukrayna üçün yalnız müdafiə bazasında effektiv dəyişikliklər olarsa, uğurlu ola bilər.
Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak isə deyib ki, prezidentin Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyini, o cümlədən Ali Baş Komandanı sistematik şəkildə yeniləmək qərarını bir neçə səbəbə görə zəruri edib. Onun sözlərinə görə, bu addım xüsusilə “keçən il istənilən nəticəni tam təmin etməyən” fəaliyyət taktikasına yenidən baxılması zərurəti ilə bağlı olub.
“The Times” yazır ki, Zalujnının işdən çıxarılmasının səbəbləri arasında 2024-cü il üçün hərbi planın təqdim edilməməsi göstərilir. Həmçinin general silah tədarükü ilə bağlı müttəfiqlərlə birbaşa danışıqlar aparıb və Müdafiə Nazirliyini bu prosesdən kənarlaşdırıb.
Fevralın 8-də Zelenski general Valeri Zalujnıya "Ukrayna Qəhrəmanı" adının verilməsi haqqında fərman imzalayıb. Fəxri ad Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi nailiyyətlərinə, Ukrayna xalqına fədakar xidmətinə görə verilib.
Turan İSMAYIL