Tramp narkotik satanlara ölüm cəzası istəyir

 12:06 10.02.2024     235

Birləşmiş Ştatlar narkotik epidemiyasına yalnız onu satanlar üçün ölüm cəzası tətbiq etməklə son qoya bilər, başqa tədbirlər problemi həll etməyəcək.

Redaktor.az xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp bu barədə Pensilvaniya ştatında çıxışı zamanı deyib.

“Narkotik vasitələri satanların hər biri ən az; 500 insanın ölümünə səbəb olur. Onlara qarşı ölüm cəzası tətbiq edilməyənədək bu problem həllini tapmayacaq. Siz sadəcə, özünüzü aldadırsınız”, - deyə Donald Tramp bildirib.

Sabiq dövlət başçısı ÇXR sədri Si Cinpinlə bu mövzudakı söhbətini xatırladıb. “Mən ondan Çində narkotiklərlə bağlı vəziyyətin necə olduğunu soruşdum. Si Cinpin dedi ki, artıq ölkədə belə bir problem yoxdur... Uzun illər əvvəl, Çində narkotik vasitələr olduqca çox yayılmışdı. Lakin onun ticarəti ilə məşğul olanlara ölüm cəzası tətbiq edildikdən sonra problem həllini tapdı”, - deyə ABŞ-ın sabiq dövlət başçısı əlavə edib.

Mediada yayılan məlumata görə, Meksikadan gətirilən sintetik opioid səbəbindən ölüm halları 2016-cı ildən 2021-ci ilədək təxminən dörd dəfə artıb. Hazırda ABŞ hər il təxminən 100 min amerikalının ölümünə səbəb olan geniş miqyaslı opioid epidemiyası ilə qarşı-qarşıyadır.