Polşada etirazçılar Ukrayna yük maşınlarına hücum etdilər
Polşanın Çelm şəhərinin prokurorluğu Ukrayna yük maşınlarından taxılın Ukrayna ilə sərhədə atılması ilə bağlı araşdırmalara başlayıb. Əmlakın məhv edilməsi və gömrük təhlükəsizliyinin pozulması faktları ilə bağlı araşdırma aparılır.
Redaktor.az bu barədə “Farmer”ə istinadən xəbər verir.
Polisin ilkin məlumatlarına görə, etirazçılar Ukraynadan gələn üç yük maşınının gömrük plombunu sındırıblar və nəticədə taxılın bir hissəsi yolun hərəkət hissəsinə tökülüb.
İlkin hesablamalara görə, hər maşından bir tona yaxın taxıl tökülüb.
"İstintaq iki maddə - əmlakın məhv edilməsi və gömrük təhlükəsizliyinin pozulması ilə başlanıb. Hazırda iş araşdırılır. Biz şahidləri dindirir, CCTV görüntülərini və üç göndərişlə bağlı sənədləri toplayırıq", - Lublin Region Prokurorluğunun sözçüsü Agnieszka Kempka bildirib.
Cinayətkarları 5 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, fevralın 12-də polşalı fermerlər Ukrayna ilə sərhəddə üç yük maşını saxlayıb, daha sonra ixrac üçün nəzərdə tutulan Ukrayna taxılının bir hissəsini yola töküblər.
Qalmaqala reaksiya verən Ukraynanın Polşadakı səfiri Vasili Zvariç bildirib ki, Ukrayna tərəfi artıq polislə əlaqə saxlayıb.
Diplomat qeyd edib ki, Polşa polisi cinayət işi açıb və lazımi prosedurlara başlayıb. Ukrayna diplomatları bu yük maşınlarının sürücüləri ilə birbaşa əlaqə saxlayırlar.
Turan İSMAYIL