Aİ Ukraynadan taxıl idxalının məhdudlaşdırılması ilə bağlı bəyanat verdi

 17:45 13.02.2024     254

Ticarət üzrə Avropa komissarı Valdis Dombrovskis Polşa, Macarıstan və Slovakiyanı Ukraynadan taxıl idxalına qoyulan birtərəfli məhdudiyyəti aradan qaldırmağa çağırıb. Avropa İttifaqı (Aİ) avropalı fermerləri artıq Ukrayna məhsullarından qorumağa kömək edəcək alternativ mexanizmlər hazırlayıb.

Redaktor.az bu barədə Avropa komissarının fevralın 12-də Avropa Parlamentinin Kənd Təsərrüfatı Komitəsində müzakirələr zamanı verdiyi bəyanata istinadən xəbər verir.

Dombrovskis xatırladıb ki, Avropa Komissiyası artıq Ukraynadan əsasən taxıl, qarğıdalı və günəbaxan toxumu kimi xammal idxalı zamanı cəbhəyanı ölkələr üçün qoruyucu tədbirlər tətbiq edib.

O, həmçinin vurğulayıb ki, sonradan Avropa Komissiyası Ukrayna ilə birlikdə ixraca nəzarət mexanizmini işləyib hazırlayıb və artıq Ukrayna ilə Rumıniya arasında uğurla fəaliyyət göstərir.

“Bu mexanizm, məsələn, Polşa, Macarıstan və Slovakiya ilə işləmir, çünki bu ölkələr, yeri gəlmişkən, Aİ-nin ticarət siyasəti sahəsində müstəsna səlahiyyətlərinə zidd olan birtərəfli məhdudiyyətlər tətbiq etməkdə davam edir, eləcə də sizin Ukrayna və ÜTT ilə Azad Ticarət Sazişi çərçivəsində öhdəliklər götürüblər” -, Dombrovskis bildirib.

Bundan əlavə, o qeyd edib ki, Avropa Komissiyası Ukrayna ixracının mənfi bazar təsirləri ilə üzləşən ölkələr üçün avtonom ticarət tədbirlərinin tətbiqini təklif edib. Söhbət yumurta, şəkər və günəbaxan yağı kimi “həssas məhsullardan” gedir ki, onlar üçün Avropa Komissiyası 2022-2023-cü illər üçün orta hesablanmış idxal məlumatları olan maksimum kvota təyin etməyi təklif edib.

Dombrovskis həmçinin xatırladıb ki, Ukraynanın Qara dəniz vasitəsilə ixracını bərpa etməsinə baxmayaraq, “həmrəylik dəhlizləri”nin fəaliyyəti aktual olaraq qalır, çünki bu, hələ də müharibədən əvvəlki səviyyəyə çatmayıb.

Xatırladaq ki, dünən, fevralın 11-də polşalı fermerlər Ukrayna ilə sərhədin blokadası zamanı Ukraynaya məxsus 3 yük maşını saxlayıb və ixrac üçün daşıdıqları taxılın bir hissəsini çölə töküblər. Ukrayna tərəfi artıq polislə əlaqə saxlayaraq insidentlə bağlı cavab verib və hadisədə iştirak edənlərin məsuliyyətə cəlb olunmasını istəyib.

Çelm şəhərinin (Polşa) rayon prokurorluğu Ukrayna yük maşınlarından taxılın Ukrayna ilə sərhədə atılması ilə bağlı araşdırmaya başlayıb. Əmlakın məhv edilməsi və gömrük təhlükəsizliyinin pozulması faktları ilə bağlı araşdırma aparılır.

Turan İSMAYIL