Fransa 28 israilliyə qarşı sanksiya tətbiq etdi
Fransa İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı zorakılıq törətməkdə ittiham etdiyi 28 israilli ekstremist məskunlaşana sanksiya tətbiq edib.
Redaktor.az bu barədə "İnterfaks"a istinadən xəbər verir.
"Bu tədbirlər Fələstin əhalisinə qarşı son aylarda məskunlaşanların zorakılığının artması ilə əlaqədar tətbiq edilir. Fransa bu qəbuledilməz zorakılığı qətiyyətlə pislədiyini təkrarlayır", - Fransa Xarici İşlər Nazirliyi çərşənbə axşamı nazirliyin saytında dərc olunan kommünikedə bildirib.
Sənəddə qeyd olunur ki, İsrail hakimiyyəti buna son qoymağa və günahkarları cəzalandırmağa borcludur.
Xarici İşlər Nazirliyi sanksiyaya məruz qalan 28 israillinin Fransa ərazisinə girişinin qadağan olunduğuna aydınlıq gətirib.
"Fransa həmçinin bu zorakı köçkünlərə qarşı Avropa səviyyəsində sanksiyaların tərəfdarıdır. Biz avropalı tərəfdaşlarımızla bu istiqamətdə işləyirik", - kommünikedə deyilir.
Sənəddə həmçinin, məskunlaşma siyasətlərinin beynəlxalq hüquqa görə qeyri-qanuni olduğuna və dayandırılması lazım olduğuna diqqət çəkilir. Parisin fikrincə, belə bir siyasətin davam etdirilməsi “israillilərlə fələstinlilərin sülh və təhlükəsizlik şəraitində yan-yana yaşaması üçün yeganə həll yolu olan yaşaya bilən Fələstin dövlətinin yaradılması ilə bir araya sığmır”.
Turan İSMAYIL