ABŞ yəhudilərinin 63 faizi özlərini təhlükəsiz hiss etmir - CNN
ABŞ-də yaşayan yəhudilərin ən azı 63%-i antisemitizm hadisələrinin artması səbəbindən özlərini təhlükəsiz hiss etmir.
Redaktor.az xəbər verir ki, bu barədə Amerika Yəhudi Komitəsinin (AJC) sifarişi ilə keçirilən ictimai rəy sorğusuna istinadən CNN məlumat yayıb.
Araşdırmaya görə, öz təhlükəsizliyindən narahat olan amerikalı yəhudilərin payı oxşar sorğunun keçirildiyi 2022-ci ilin sonundakı vəziyyətlə müqayisədə 22% artıb. Respondentlərin yalnız 3%-i bir il əvvələ nisbətən özlərini daha təhlükəsiz hiss etdiyini bildirib. Sorğu iştirakçılarının 34%-i heç bir dəyişiklik hiss etmədiyini bildirib.
Sorğu 5 oktyabr - 21 noyabr 2023-cü il tarixləri arasında aparılıb. Burada yaşı 18-dən yuxarı olan 1528 nəfər iştirak edib.
Yanvar ayında insan haqları təşkilatı Diffamasiyaya Qarşı Liqa (ADL) 2023-cü ilin oktyabrından başlayaraq üç ay ərzində ABŞ-də təxminən 3300 antisemitizm hadisəsi qeydə aldığını bildirib. AJC rəhbəri Ted Doyç qeyd edib ki, belə halların sayı 2023-cü il oktyabrın 7-dən əvvəl, HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücumundan əvvəl də artmağa başlayıb.
Turan İSMAYIL