"Trampın bəyanatı Kremli təəccübləndirmir" - Peskov
Donald Trampın yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə NATO-da dəyişikliklər edilməsində və ÜDM-nin ən azı 2%-ni hərbi xərclərə ayırmayan ölkələrin kollektiv müdafiə hüququndan məhrum edilməsində israrlı olacağına dair bəyanatlar Kremli təəccübləndirmir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz bəyanatları gördük. Amma burada - insaf naminə - xatırlayaq ki, o, ABŞ prezidenti olarkən bu, Trampın alyans üzvləri ilə bütün münasibətlərində istifadə etdiyi əsas mesajlardan biri idi. O, daim təkrar edirdi. Ona görə də onun bu problemə yanaşmasında heç bir yenilik yoxdur”, - Kreml nümayəndəsi jurnalistlərə bildirib.
Qeyd edək ki, fevralın 10-da Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürmək istəyən Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxış edərkən NATO liderləri ilə görüşlərindən birini xatırladıb. Onun sözlərinə görə, o zaman prezidentlərdən biri ondan soruşub ki, əgər hər hansı bir ölkə NATO-ya müdafiə töhfəsi verməsə, Birləşmiş Ştatların Rusiya Federasiyası tərəfindən ehtimal edilən təhlükə olduğu halda alyansı müdafiə etməyə hazır olub-olmaması olub. Tramp daha sonra belə bir ölkəni müdafiə etməyəcəyini və üstəlik, “onları (Rusiya hakimiyyəti - red.) istədiklərini etməyə təşviq edəcəyini” cavablandırıb. Eks-prezident bu söhbətin nə vaxt və harada baş verdiyini, liderlərdən hansının ona belə bir sual verdiyini açıqlamayıb.
Xatırladaq ki, Alyans ölkələrinin hərbi xərclərini ÜDM-in 2%-nə çatdırmaq məqsədi 2014-cü ilin sentyabrında Uelsdə keçirilən sammitdə Krımın Rusiyaya ilhaqı bağlı “Rusiya təhlükəsi”ni əsas gətirərək qarşıya qoyulmuşdu. 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən sammitdə qərara alınıb ki, ÜDM-in 2%-i NATO dövlətləri üçün hədəfə deyil, müdafiə xərclərinin minimum səviyyəsinə çevrilsin.
Turan İSMAYIL