"Avropada müdafiə sənayesi kifayət qədər güclü deyil" - Belçikanın müdafiə naziri
Avropa İttifaqı (Aİ) digər NATO müttəfiqlərindən müstəqil olaraq öz hərbi siyasətini qura bilməlidir.
Redaktor.az xəbər verir ki, bunu "Euractiv" portalına müsahibəsində Belçikanın müdafiə naziri Ludivine Dedonder deyib.
“Dəyişən dünyada vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün biz Avropa ölkələri olaraq bunu heç kimə arxalanmadan özümüz edə bilməliyik. Bizim öz Avropa baxışımız olmalıdır” - deyən nazir vurğulayıb ki, Aİ üzvləri öz müdafiə imkanlarını təmin etmək məsələlərində “strateji muxtariyyətə” ehtiyac duyurlar.
Dedonder Avropa ölkələrinin hərbi-sənaye kompleksinin xarici bazarlardan asılılığından da narahatlığını bildirib. “Təəssüf ki, son 20 ildə bizim ən böyük zəifliyimiz əldə etdiyimiz (NATO müttəfiqlərindən - red.) asılılığımız olub”, - nazir qeyd edib. Onun sözlərinə görə, Belçika silah şirkətləri xammal və komponentlərin 80%-ni xaricdən, xüsusən də Braziliyadan idxal etməyə məcburdur. "Açıqdır ki, Avropada müdafiə sənayesi kifayət qədər güclü deyil. Biz hərbi sənayeni yenidən qurmalıyıq. Bu o demək deyil ki, biz ABŞ-dən silah almağı dayandırmalıyıq, lakin biz onları özümüz istehsal edə bilməliyik” - deyə Belçikanın müdafiə naziri bildirib.
Qeyd edək ki, fevralın 15-də Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib. Sammitin prioritet mövzularından biri mərmi istehsalının artırılmasıdır ki, onların bir hissəsi Ukraynaya göndəriləcək, digəri isə Kiyevə hərbi yardım göstərən alyans dövlətlərinin ehtiyatlarını dolduracaq. Fevralın 14-də NATO-nun baş katibi Yens Stoltenberq 2024-cü ildə 31 NATO ölkəsindən 18-nin ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləyəcəyini açıqlayıb.
Turan İSMAYIL