Navalnının mətbuat katibindən açıqlama: "Hələ ki, heç bir təsdiq yoxdur"

 16:31 16.02.2024     320

Rusiyalı müxalifət lideri Aleksey Navalnının komandası onun ölümünü hələ təsdiqləməyib. Onlar qeyd edirlər ki, heç bir sübut yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış X-də (keçmiş tviter) yazıb.

"Bizdə hələ ki, bununla bağlı heç bir təsdiq yoxdur. Alekseyin vəkili hazırda Xarp şəhərinə uçur. Bizdə bəzi məlumatlar olan kimi bu barədə məlumat verəcəyik", - o yazıb.

Əlavə edirik ki, Navalnının vəkili Leonid Solovyov siyasətçinin ailəsinin qərarını nəzərə alaraq Rusiya mətbuatına məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, bu gün, fevralın 16-da Rusiya Federal Penitensiar Xidmətinin Yamalo-Nenets Muxtar Dairəsi üzrə departamenti rusiyalı müxalifətçi Aleksey Navalnının öldüyünü açıqlayıb. Onun cəzasını çəkdiyi islah koloniyasında vəfat etdiyi qeyd edilir.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Navalnı zəhərlənmişdi. Rusiyalı siyasətçi Tomskdan Moskvaya gedərkən təyyarədə huşunu itirib, bundan sonra Almaniyadakı "Charite" klinikasına aparılıb və orada müalicə alıb.

2021-ci ilin əvvəlində Navalnı saxlandığı Rusiyaya qayıtdı. Müxalifətçiyə qarşı ekstremizm, böhtan və s. maddələr ilə cinayət işi açılıb.

2023-cü il avqustun 4-də Navalnıya 19 il dəmir barmaqlıqlar arxasında həbs cəzası verilib.

Turan İSMAYIL