Aleksey Navalnının ölümü ilə bağlı nə məlumdur?

 16:41 16.02.2024     319

Xəbər verdiyimiz kimi, rusiyalı müxalifətçi Aleksey Navalnı Yamaldakı koloniyada vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Federal Penitensiar Xidmətin regional idarəsi məlumat yayıb.

İdarədən bildirilib ki, məhbus gəzintidən sonra xəstələnib, onu reanimasiya etməyə çalışıblar, lakin nəticəsi olmayıb. TASS baş verənlərlə bağlı əsas məlumatları toplayıb.

Hadisənin baş vermə şəraiti

Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında ölüb. 

Federal Penitensiar Xidmətin məlumatına görə, gəzintidən sonra o, özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib. Dərhal tibb işçiləri gəlib, onu həyata qaytarmağa çalışsalar da, nəticəsi olmayıb.

Ölümün səbəbləri hələ də müəyyən edilir. Yamal ictimai monitorinq komissiyasının bildirdiyinə görə, bundan əvvəl Navalnının səhhətindən şikayət və ya qohumlarından heç bir müraciət olmayıb.

Hakimiyyət necə reaksiya verir

Hazırda Çelyabinskdə olan Rusiya Prezidenti Vladimir Putinə baş verənlər barədə Moskvadan məlumat verilib. Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Federal Penitensiar Xidmət təhqiqat aparır, insidentlə bağlı əlavə göstərişə ehtiyac yoxdur: "Hər kəsin indi rəhbər tutduğu müəyyən qaydalar var".
Rusiya Federasiyasının İstintaq Komitəsi Navalnının ölümü ilə bağlı araşdırma aparır.

Navalnı niyə cəza çəkirdi

Navalnı iki dəfə "Yves Rocher" şirkəti ilə işləyərkən fırıldaqçılıq ittihamı ilə şərti cəza alıb. 2021-ci ildə cəzanın çəkilməsi şərtlərinin dəfələrlə pozulmasına görə onun şərti cəzası real cəza ilə əvəz edilib.
2022-ci ilin martında Navalnı məhkəməyə hörmətsizlikdə və seçki kampaniyası üçün vəsait toplamaqda dələduzluqda təqsirli bilinib və ciddi rejimli koloniyada həbs cəzasına məhkum edilib. 2023-cü ilin avqustunda məhkəmə onu ekstremist icma yaratmaqda təqsirli bilib.

Turan İSMAYIL