ÜST İsrailə etiraz etdi: "Xəstəxanaya edilən hərbi basqın dərin narahatlıq doğurur”

 19:13 16.02.2024     243

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzada İsrail qüvvələrinin basqın etdiyi Nasser Tibb Kompleksində xəstələrin və işçilərin təhlükəsizliyi ilə bağlı narahatlığını bildirib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Jaşareviç Cenevrədə keçirdiyi brifinqdə xəstələrin zorla başqa binaya köçürülməsi ilə bağlı xəbərlərin "ciddi həyəcan verici" olduğunu bildirib.

“Nasser Tibb Kompleksinə edilən hərbi basqın və xəstəxanalardan gələn xəbərlər dərin narahatlıq doğurur” - o deyib.

"ÜST bu xəstəxanada sığınan xəstələrin, tibb işçilərinin və mülki şəxslərin təhlükəsizliyindən narahatdır və ictimai səhiyyə sistemlərinin qorunmasına və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırır" - deyən rəsminin sözlərinə görə, BMT bu xəstəxanaya təcili girişi təmin etmək üçün İsrail hakimiyyəti ilə koordinasiya edir.

"Bir çox xəstənin başqa bir binaya məcburi köçürülməsi ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur" - Jaşareviç deyib. O xatırladıb ki, ÜST dəfələrlə xəbərdarlıq edib ki, xəstələri həyat xilasedici qayğıdan məhrum etmək, xəstələri və yaralıları köçməyə məcbur etmək onların vəziyyətinin pisləşməsinə və hətta ölümə səbəb ola bilər. Təhlükəsiz mühitdə xəstələrə fasiləsiz qulluq təmin etmək lazımdır.

Rəsmi nümayəndə xatırladıb ki, Nasser kompleksi Qəzza zolağının cənubundakı səhiyyə sisteminin onurğa sütunudur. ÜST hesab edir ki, xəstəxanalar hərbiləşdirilməməli və ya hücuma məruz qalmamalıdır.

“Humanitar qanuna, ehtiyat və mütənasiblik prinsiplərinə hörmət etmək lazımdır”, - Yaşareviç yekunlaşdırıb.

Turan İSMAYIL