"ABŞ yardımı gəlməsə, Ukrayna Avropanın dəstəyinə ümid edir" - Zelenski
ABŞ Konqresi Prezident Co Baydenin vəd etdiyi yardım paketini dəstəkləməsə, Ukrayna Avropanın dəstəyinə ümid edir.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bunu Berlində Almaniyanın Federal Kansleri Olaf Şolzla keçirdiyi birgə mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Ümid edirəm ki, Amerika Birləşmiş Ştatları “yıxılmayacaq”” deyən Zelenski, Almaniya və Avropa İttifaqının (Aİ) ABŞ yardımı ayrılmayacağı təqdirdə onu kompensasiya edə biləcəyini gözləyirmi sualına cavabında bildirib. Zelenski etiraf edib ki, ABŞ-də prezident seçkiləri kampaniyasının təsiri səbəbindən bunun baş verməməsi riski var: “Təzyiqlər və seçki prosesi səbəbindən həmişə risklər var”.
“Biz tək Almaniyaya deyil, Avropa Birliyinə ümid edirik” deyən Zelenski bununla bağlı davam edib və Avropadan “yalnız pul və ya hansısa silah növü” deyil, həm də Rusiyaya qarşı yeni sanksiyalar gözlədiyini bildirib. "Biz təkcə Avropa İttifaqından deyil, bütün Avropa ölkələrindən də kömək gözləyirik" - o deyib.
Qeyd edək ki, Aİ ölkəsinin liderləri fevralın əvvəlində Brüsseldə keçirilən sammitdə növbəti dörd il üçün Ukraynaya 50 milyard avro məbləğində büdcə yardımının ayrılmasını təsdiqləyiblər. Bu qərardan sonra Zelenski bildirib ki, Avropa İttifaqı da Kiyevə yardım üçün bu dəfə Avropa Sülh Fondu vasitəsilə ilk növbədə hərbi dəstək və əsgərlərin təlimi ilə bağlı əlavə töhfələri təsdiq etməlidir.
Kiyev dəfələrlə qeyd edib ki, Qərb müttəfiqlərinin maliyyə dəstəyi olmadan ölkə iqtisadi böhranla üzləşəcək. Ukraynanın 2024-cü il üçün büdcə kəsiri 43,9 milyard dollar təşkil edəcək.
Turan İSMAYIL