Almaniya Kiyevə yeni hərbi yardım göndərdi

 23:26 16.02.2024     260

Almaniya bir həftə ərzində Ukraynaya 18 zirehli personal daşıyıcısı, artilleriya mərmisi, zirehli texnika, eləcə də onlarla kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı (PUA) çatdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin dərc etdiyi yenilənmiş silah siyahısında qeyd olunub.

Söhbət 18 zirehli transportyor, 4 minə yaxın 155 mm çaplı artilleriya mərmisi, 3 "Wisent 1" zirehli minatəmizləmə maşını, bir "Dachs" mühəndis tankı, 9 mina trolu, 58 kəşfiyyat PUA, 4 patrul maşını, 500 LED işığı və s. telekommunikasiya avadanlığından gedir.

Qeyd edək ki, cümə günü Almaniya kansleri Olaf Şolz bildirib ki, Berlin Kiyevə ümumi dəyəri təxminən 1,1 milyard avro olan yeni hərbi yardım paketi verəcək. Hökumət başçısının sözlərinə görə, bura, xüsusən, "sənaye ehtiyatlarından 36 tank və ya daha dəqiq desək, təkərli haubitsa", 120 min artilleriya mərmisi, iki yeni hava hücumundan müdafiə sistemi və IRIS-T raketlərinin tədarükü daxildir.

Ümumilikdə Almaniya indiyədək Ukraynaya hərbi dəstək üçün vəsait ayırıb və ya gələcək xərclər üçün təxminən 28 milyard avro məbləğində öhdəliklər götürüb. Cümə günü Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniyanın paytaxtına səfəri zamanı Berlin və Kiyev arasında təhlükəsizlik öhdəliklərinə dair ikitərəfli saziş imzalanıb. Sənəd uzadılma imkanı ilə 10 il etibarlıdır.

Turan İSMAYIL