Ukraynadan Polşaya xəbərdarlıq: "Ağır nəticələri olacaq"
Polşalı etirazçıların nəzarət-buraxılış məntəqələrini bağlaması Ukraynanın təhlükəsizliyinə birbaşa təhdiddir.
Redaktor.az xəbər verir ki, bunu ölkənin infrastruktur naziri Aleksandr Kubrakov bildirib.
"Sərhədin bağlanması ölkənin təhlükəsizliyinə birbaşa təhdiddir", - nazirliyin mətbuat xidməti onun "Facebook" səhifəsində sitat gətirir.
Hazırda Polşa-Ukrayna sərhədində altı buraxılış məntəqəsi bağlanıb: Zosin - Ustiluq, Medıka - Şegini, Krakovets - Korçeva, Rava-Russkaya - Xrebene, Uqrinov - Dolqobıçev və Yaqodin - Doroqusk. Kubrakovun sözlərinə görə, etirazçıların hərəkətlərinin həm Ukrayna, həm də Polşa üçün ağır sosial-siyasi nəticələri olacaq.
Qeyd edək ki, fevralın 18-də sosial şəbəkələrdə polşalı etirazçıların sərnişinlərin olduğu avtobusun keçidinə mane olduğu video yayılıb. Kubrakov bildirib ki, o, Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yacek Sievera ilə sərhədin, xüsusən də sərnişin daşınmasının qarşısının alınmasının yolverilməzliyi ilə bağlı təcili danışıqlar aparıb. “Biz polşalı həmkarlarımızdan belə halların qarşısını almaq və bütövlükdə problemi həll etmək üçün konkret addımlar gözləyirik”, - nazir əlavə edib.
İnfrastruktur nazirinin müavini Sergey Derkaç öz növbəsində bildirib ki, sərhəddə vəziyyət getdikcə kritikləşir. "Ən kritik vəziyyət Yaqodin-Doroqusk keçid məntəqəsindədir, burada yük daşımalarının hərəkəti tamamilə dayanıb. Oradan humanitar, tez xarab olan mallar və yanacaq buraxılmır. Bu, birbaşa müdafiə qabiliyyətimizə təsir edir" - deyən Derkaç əlavə edib ki, boş yük maşınları on beş kilometrlik növbədə dayanmağa məcbur olur və sürücülər normal şərait olmadan yolda yaşayırlar.
Xatırladaq ki, 2023-cü ilin noyabrından Polşa daşıyıcıları və fermerləri vaxtaşırı etiraz aksiyaları keçirərək, Ukrayna ilə sərhəddə keçid məntəqələrini bağlayırlar. Onlar 2022-ci il fevralın 24-dən sonra Avropa İttifaqının Ukraynadan gələn yük maşınlarının sürücülərinə verdiyi güzəştlərin ləğvini tələb edirlər. Polşa kənd təsərrüfatı istehsalçılarının Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qarşı növbəti tətili fevralın 9-dan martın 10-dək bütün ölkə ərazisində elan edilib. Fermerlər həmkarlar ittifaqının bəyanatında deyilir ki, Ukrayna ilə Polşa arasında sərhəd-keçid məntəqələri bağlanacaq, ölkənin bir sıra voyevodalığında müəyyən yollar müvəqqəti bağlanacaq. Etiraz aksiyasına Polşa Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəstək verib.
Turan İSMAYIL