ABŞ ordusu Ukraynaya yardıma görə maliyyə problemi yaşayır - CNN

 13:09 19.02.2024     258

ABŞ-nin yüksək rütbəli hərbçiləri ABŞ hakimiyyətinin Ukraynaya növbəti yardım paketi ayıra bilməməsi səbəbindən ordunun maliyyələşdirilməsi perspektivlərindən narahatdırlar.

Redaktor.az xəbər verir ki, bu barədə CNN ABŞ Silahlı Qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.

“Əgər bizim əsas büdcəmiz yoxdursa, bizə Ukrayna üçün əlavə maliyyə paketi verilməsə, hökumətin işi dayandırılsa, başqa bir şey almasaq və heç bir dəyişiklik olmasa, may ayında vəsaitimiz tükənəcək” - deyə adı açıqlanmayan ordu rəsmisi bildirib.

Kanalın mənbələrinə görə, Konqres yaxın aylarda Ukraynaya yeni maliyyə vəsaiti ayırmasa, bu, “çətin qərarlar qəbul etmək və daha az əhəmiyyətli layihələr üçün nəzərdə tutulan pulları yönləndirmək” zərurəti ilə nəticələnəcək. CNN qeyd edir ki, ABŞ ordusu kazarmaların tikintisi üçün nəzərdə tutulan hərbi büdcələrdən, eləcə də rekord dərəcədə aşağı cəlb olunma şəraitində hərbi xidmət üçün stimullardan yararlanmalı olacaq.

Telekanal xəbər verir ki, 2023-cü ilin oktyabr ayından ABŞ ordusu müxtəlif proqram və əməliyyatlara, o cümlədən Ukrayna qoşunlarının təlimi, texnikanın daşınması və Amerika qoşunlarının Avropaya köçürülməsi üçün 430 milyon dollardan çox vəsait xərcləyib.

Başqa bir yüksək rütbəli zabit CNN-ə deyib ki, əsasən, ABŞ Ordusu bunun üçün öz ehtiyatları hesabına ödəyir. Onun sözlərinə görə, Avropa və Afrikadakı ABŞ ordusu əməliyyat xərclərinə 5 milyard dollar xərcləməli olacaq. Üstəlik, Konqres 2024-cü ilin büdcəsini təsdiqləməsə və Ukraynaya əlavə maliyyə ayırmasa, ordunun bunlar üçün cəmi 3 milyard dolları olacaq.

CNN mənbəsi bildirib ki, əgər vəsait hərbi büdcənin digər mənbələrindən ayrılmasaydı, onlar mövcud olmayacaqdı.

“Nəticədə, maliyyənin gecikdirilməsi Ukraynanın hərbi təlimini və ya Kiyevə yardımını pozmaqdan daha geniş nəticələrə gətirib çıxaracaq”, o əlavə edib.

Turan İSMAYIL