"Ukraynada aldığımız hər santimetr torpaq bizim üçün çox önəmlidir"
Ukrayna ərazisində yaradılmış qondarma "Donetsk Xalq Respublikası"nda Avdeevkanın azad edilməsi zamanı rus qoşunları bir neçə kəndi "azad" edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin rəhbərlik etdiyi iclasdan sonra jurnalistlərə bildirib.
"Onlar Avdeevkadan Donbassda dinc əhaliyə atəş açıblar. Bu (Avdeevkanın azad edilməsi - red.) bizim üçün çox vacib idi. Təkcə Avdeevka deyil, bir neçə kənd də alındı. Aldığımız hər santimetr torpaq bizim üçün çox önəmlidir" - o deyib.
Kadırov qeyd edib ki, mülki əhalinin məskunlaşdığı ərazilərdə qalması səbəbindən rus qoşunları əməliyyatı “tam sürətlə” keçirmir. "Avdeevka qələbəyə doğru daha bir addımdır. Düşünürəm ki, biz böyük addımlarla irəliləməyə davam edəcəyik", - Çeçenistan rəhbəri bildirib.
xatırladaq ki, fevralın 17-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinə Avdeevkanın Rusiya ordusunun tam nəzarətinə keçməsi barədə məruzə edib. Avdeevka Yasinovatayanın qərbində yerləşir, buradan Ukrayna hərbçiləri Donetsk və Makeevka yaxınlığındakı əraziləri də atəşə tutublar.
Turan İSMAYIL