Cənubi Koreyada 6400-dən çox həkim istefa verib - SƏBƏB
Cənubi Koreyada 6 min 415 həkim-interna (həkim-stajor) hökumətin universitetlərin tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına etiraz olaraq işdən çıxmaq üçün ərizə verib.
Redaktor.az xəbər verir ki, işdən çıxmaq üçün ərizə təqdim edən həkim-stajorlar ölkənin 100 tibb müəssisəsində çalışanlardır. Onların təxminən 1600 nəfəri artıq bir neçə gündür işə çıxmır.
Hökumət isə yaranmış vəziyyətin ölkənin səhiyyə sektoruna, əhalinin salamlığının qorunmasına mənfi təsirlərindən narahatdır. Səhiyyə nazirinin müavini Park Min-su jurnalistlərə bildirib ki, nazirlik 831 həkimə işə qayıtmaq barədə tapşırıq verib.
Həkim-stajorların etirazı artıq bəzi tibb ocaqlarında pasiyentlərin müalicəsinə mənfi təsiri göstərməyə başlayıb, cərrahi əməliyyatlarda gecikmələr müşahidə olunur. Hökumət daha ciddi problemlərin yaranmaması üçün 97 xəstəxananın gündəlik iş vaxtının uzadılmasına və 12 hərbi hospitalın təcili yardım bölmələrində mülki pasiyentlərin də qəbul edilməsinə qərar verib.
Qeyd edək ki, Cənubi Koreya hökumət əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2025-ci ildə tibb ixtisaslarına qəbul kvotasını hazırki 3058 yerdən daha 2 minədək artırmağı planlaşdırıb. Hökumət qərarını ölkədə, xüsusən də bölgələrdə, kənd yerlərində həkim, o cümlədən pediatr, mama-ginekoloq, təcili tibbi yardım mütəxəssisi azlığının aradan qaldırılması ilə əlaqələndirir. Cənubi Koreyada əhali sayına nisbətdə həkimlərin sayı inkişaf etmiş ölkələr arasında ən aşağı göstəricilərdən biridir. Amma həkimlər, xüsusən də həkim-stajorlar hökumətin bu qərarı ilə razılaşmır. Onlar hökumətin məsələ ilə bağlı ətraflı məsləhətləşmələr aparmadığını, bu addımın tibbi təhsil və xidmətlərin keyfiyyətini pozacağını iddia edirlər.
Artıq ölkənin hüquq mühafizə orqanları həkimlərin etirazı ilə əlaqədar araşdırmalara başlayıb. Koreya Polis Agentliyinin baş komissarı Yun hee-kın bildirib ki, araşdırmalar zamanı qanunun tələblərini pozmaqda şübhəli olan həkimlər, habelə sorğulara cavab verməyənlər haqqında saxlanılma qərarı verilə bilər.
Aksiyasının qanunsuz olduğunu açıqlayan Ədliyyə Nazirliyi bunu belə əsaslandırır ki, konstitusiyaya görə həkimlər işçi yox, mütəxəssis sayıldıqları üçün onların tətil etmək hüququ yoxdur. Tibbi xidmətlər haqqında qanuna əsasən, vəzifəsini yerinə yetirməkdən imtina edən həkim qrupuna səlahiyyətli orqanlar işə başlamaq barədə əmr verə bilər. Əgər həkimlər bu əmrə tabe olmasalar, onlar 3 ilə qədər azadlıqdan məhrum edilə bilər ki, bu da həkimlərin sertifikatının ləğvinə səbəb olacaq (Azərtac).