Fransa Navalnının ölümü ilə bağlı müstəqil araşdırma aparmağa çağırdı
Fransa hakimiyyəti rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündə Rusiya hakimiyyətini günahlandırıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, koloniyaya köçürüldükdən sonra saxlanma şəraiti xeyli pisləşən Aleksey Navalnının ölümünə görə Rusiya hakimiyyəti tam məsuliyyət daşıyır:
"Fransa bu faciəli hadisəyə aydınlıq gətirmək üçün müstəqil və hərtərəfli araşdırmaya çağırır".
Fransa Xarici İşlər Nazirliyi həmçinin 25 illik həbs cəzasını maksimum rejimli koloniyada çəkən müxalif siyasətçi Vladimir Kara-Murzanın səhhətinin kritik vəziyyəti ilə bağlı narahatlığını bildirib.
Müvafiq bəyanat fevralın 19-da Rusiyanın Parisdəki səfiri Aleksey Meşkova zəng zamanı səsləndirilib. Səfirlikdən bildirilib ki, bu tələblərə cavab olaraq Fransa tərəfi Qərb rejimlərinin Rusiyanın daxili işlərinə müdaxilə etmək üçün növbəti cəhdinin qəbuledilməzliyi ilə bağlı sərt töhmət alıb.
Qeyd edək ki, fevralın 16-da Federal Penitensiar Xidmətin Yamalo-Nenets Muxtar Dairəsi üzrə Departamenti Navalnının koloniyada öldüyünü açıqlayıb. Xidmətdən verilən məlumata görə, müxalifətçi gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər dərhal məhbusa kömək etməyə çalışsalar da onu həyatda saxlamaq mümkün olmayıb.
Turan İSMAYIL