Lukaşenko ilk dəfə AÇIQLADI: "Mən peyvənd olunmamışam"
Belarus Prezidenti Aleksandr Lukaşenko pandemiya zamanı onun üçün peyvəndin tədarükü və peyvənd edilməsi barədə məlumatı informasiya saxtakarlığı adlandırıb.
Redaktor.az bu barədə BelTA-ya istinadən xəbər verir.
"Mən bu gün absurd bir şey oxudum: belə çıxır ki, pandemiya zamanı Belarus prezidenti üçün bir növ peyvənd ehtiyatı formalaşdırılıb. Amma mən ümumiyyətlə peyvənd almamışam. Mənə peyvənd vurulmayıb və pandemiya ilə bağlı mənim mövqeyimi bilirsiniz”, - Lukaşenko deyib.
O bildirib ki, onlar həkimlər arasında peyvəndi harada gizlətmək barədə müzakirələr aparan müəyyən söhbətlərə istinad edirlər. "Onlar nəyi nəzərdə tuturlar? Kiber partizanlar və ya başqası hansısa hesabı, vebsaytı və ya serveri sındırıb. Bir daha vurğulayıram: mən peyvənd olunmamış insanam. Bu o demək deyil ki, bunu etmək lazımdır, amma mənim üçün belə oldu", - prezident qeyd edib.
Lukaşenkonun sözlərinə görə, vəziyyətin absurdluğu həm də ondan ibarətdir ki, dövlət başçısı üçün peyvənd və ya hər hansı dərmanla bağlı məsələlər adi həkimlərin səlahiyyətinə aid deyil. "Hansı həkimlər prezident üçün dərman, peyvənd müzakirə edəcək? Təhlükəsizlik Xidmətinin rəhbəri bu məlumatı bilən yeganə şəxsdir. Amma ilk dəfədir ki, mənim dediklərimi eşidir", - Lukaşenko vurğulayıb.
Prezident qeyd edib ki, müxtəlif növ informasiya sızması və kiberhücumlar davam edəcək və bunlara göz yummaq olmaz.
Qeyd edək ki, əvvəllər A.Lukaşenko COVID-19-dan “ayaq üstə” sağaldığını bildirmişdi.
Turan İSMAYIL