Britaniya hökuməti Şahzadə Uilyamın Qəzza ilə bağlı çağırışını DƏSTƏKLƏDİ

 23:18 20.02.2024     366

Britaniya hökuməti Qəzza zolağında hərbi əməliyyatları dayandırmağa çağıran taxtın varisi, Uels şahzadəsi Uilyamın mövqeyini bölüşür.

Redaktor.az "Sky News"a istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Rişi Sunakın nümayəndəsi bildirib.

"Onun şərhləri əvvəllər çox sayda mülki şəxsin öldürüldüyünü dəfələrlə söyləyən Baş nazirdən eşitdiklərinizlə uyğundur. Biz Qəzzada döyüşlərin mümkün qədər tez bitməsini görmək istəyirik. Beləliklə Şahzadə Uilyamın çağırışı hökumətin mövqeyinə uyğundur".

Qeyd edək ki, fevralın 20-də Britaniya kralı III Çarlzın böyük oğlu Qəzza zolağında hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olduğunu bildirib. X sosial şəbəkəsində yaydığı bəyanatda şahzadə Uilyam həmçinin anklava humanitar yardımın tədarükünü artırmağa və radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən saxlanılan girovların azad edilməsinə nail olmağa çağırıb. “The Daily Telegraph” yazır ki, kral ailəsi nümayəndəsinin adətən siyasi mövzuları şərh etməkdən çəkinən bu bəyanatı münaqişəyə əhəmiyyətli müdaxilə kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox girovun, o cümlədən uşaq, qadın və yaşlıların əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşdi. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək ona və Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Turan İSMAYIL