Zelenski G7-nin sammitində iştirak edəcək

 23:23 20.02.2024     372

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də keçiriləcək G7 ölkələrinin onlayn sammitində iştirak edəcək.

Redaktor.az bu barədə G7-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Sammit Rusiya Federasiyasının Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsinin ikinci ildönümünə həsr olunacaq.

“Fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü münasibətilə Nazirlər Şurasının sədri Corciya Maloni İtaliyanın sədrliyi dövründə ilk olaraq G7 dövlət və hökumət başçılarının videokonfransına sədrlik edəcək” - bəyanatda deyilir.

Qeyd olunur ki, sammitin yekunu olaraq birgə bəyannamə qəbul ediləcək.

Qeyd edək ki, Rusiya Federasiyasının tammiqyaslı işğalı başlayandan bəri G7 tərəfdaşları Ukraynanı bütün mümkün sahələrdə dəstəkləyiblər. Ümumilikdə, demək olar ki, iki il ərzində 30 milyard dollardan çox vəsait təmin edilib.

2023-cü ilin sonunda Qərb mətbuatı ABŞ-ın G7 ölkələrinə Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərini Ukraynanın xeyrinə müsadirə etməyi təklif etdiyini yazıb. Onlar 2024-cü il fevralın 24-nə kimi təşəbbüslə razılaşmaq istəyirdilər, lakin bu məsələ hələ də tərəfdaşlar arasında müzakirə olunur.

Ukrayna ədliyyə nazirinin müavini İrina Mudraya bildirib ki, bu il Ukrayna Rusiyanın G7 ölkələrində və Aİ-də dondurulmuş aktivlərindən 4 milyard dollar köçürməyi gözləyir.

Turan İSMAYIL