Putinin Kim Çen Ina hədiyyəsi beynəlxalq skandal yaratdı

 23:31 21.02.2024     338

Birləşmiş Ştatlar administrasiyası hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina hədiyyə etdiyi "Aurus" markalı avtomobili BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"BMT Təhlükəsizlik Şurasının qətnamələri BMT-yə üzv olan bütün ölkələrdən KXDR-ə həm avtomobillərin, həm də dəbdəbəli avtomobillərin tədarükünə qadağa qoymağı tələb edir. Əgər bu doğrudursa, o zaman belə görünür ki, Rusiya özünün də dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozur”, – diplomat vurğulayıb.

Qeyd edək ki, ötən gün Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Putinin Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə etdiyini bildirib. Prezidentin mətbuat katibi Dmitri Peskov TASS-a KXDR rəhbərinin Aurus markalı avtomobil aldığını təsdiqləyib.

Kim Çen In Rusiya istehsalı olan “Aurus” avtomobilini hədiyyə olaraq alan ilk lider olub. Bu markalı avtomobil Türkmənistan prezidentinin avtomobil parkında da var, lakin o, kommersiya əsasında alınıb.

Turan İSMAYIL