Kanada Ukraynaya mərmi çatdırılması üçün bu ölkəyə 30 milyon dollar verəcək
Kanada Çexiyanın Ukraynaya böyük miqdarda artilleriya mərmilərinin çatdırılması təşəbbüsü üçün vəsait ayırmağı planlaşdırır.
Redaktor.az bu barədə "CBC News"a istinadən xəbər verir.
Nəşrin mənbələrinə görə, Kanada hökuməti Münhen Təhlükəsizlik Konfransının açılışında Çex Prezidenti Petr Pavel tərəfindən təklif edilən Ukraynaya artilleriya mərmilərinin çatdırılması planının həyata keçirilməsi üçün 30 milyon dollara qədər vəsait ayıra bilər.
Bundan əvvəl Kanadanın müdafiə naziri Bill Bleyr ölkəsinin çexlərlə danışıqlar apardığını bildirsə də, detalları açıqlamayıb.
“Mən Avropalı müttəfiqlərimizdən biri olan Çexiya ilə hazırda onların arsenalında olan sursatın mümkün əldə edilməsi ilə bağlı anlaşma memorandumu bağlamışam ki, bu da bizə öz istehsalımızı artırarkən onu Ukraynaya tez bir zamanda təmin etməyə imkan verəcək” - nazir qeyd edib.
Turan İSMAYIL