Fransanın müdafiə naziri ilk dəfə Ermənistana səfər edəcək

 13:09 22.02.2024     312

Fransanın müdafiə naziri Sebastyan Lekornu yaxın vaxtlarda Ermənistana səfər edəcək.

Redaktor.az xəbər verir ki, o bu barədə "Lekornu RTL" radiosunda məlumat verib.

"Mən yaxın vaxtlarda parlamentarilər və istehsalçılardan ibarət böyük nümayəndə heyətinin başında Ermənistana gedəcəyəm. Bu, tarixdə ilk dəfədir ki, Fransanın müdafiə naziri Ermənistana gedir", - o deyib.

Nazirin iddiasına görə, Ermənistan ciddi təhlükəsizlik problemləri, o cümlədən Azərbaycandan gələn təhdidlərlə bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üz-üzədir.

O qeyd edib ki, Fransa Ermənistanın müdafiə potensialını artırmaq üçün ona dəstək vermək öhdəliyi daşıyır.

"Söhbət havadan müdafiə avadanlığından və zirehli maşınlardan gedir, lakin sırf müdafiə məqsədləri üçün” - Lekornu əlavə edib.

Xatırladaq ki,  2023-cü ilin oktyabrında Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornu Ermənistana silah tədarükü haqqında saziş imzalayıblar. Fransa Ermənistana 24 “Bastion” tipli zirehli transportyor tədarük edib, daha 26-sı isə istehsal mərhələsindədir.

İrəvan bu yaxınlarda "Thales"dən üç GM200 radarı sifariş edib və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı da danışıqlar aparılır. Bundan başqa, Fransa Senatı hakimiyyəti mümkün olduğu qədər tez "Sezar" özüyeriyən artilleriyasının tədarükü imkanlarını araşdırmağa çağırıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən